Avropa İttifaqı İngiltərəni Brexit sazişinin şərtlərini pozmaqda ittiham edir
Bakı, 4 mart, AZƏRTAC
Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç İngiltərə hökumətinin, xüsusi olaraq da qida və kənd təsərrüfatı məhsulları ticarətində sentyabrın 1-dək gömrük yoxlaması aparılmayacağı barədə bəyanatından sonra yazılı açıqlama verib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, açıqlamada İngiltərənin birtərəfli hərəkətindən narahatlıq ifadə olunub, bunun Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı Brexit sazişi və Şimali İrlandiya Protokolu şərtlərinin pozulması mənasını daşıdığı qeyd edilib.
İngiltərənin bundan əvvəl də Brexit sazişinin bəzi maddələrini dəyişdirəcək bir layihə təşəbbüsündə olduğunu xatırladılan açıqlamada ingilislərin Aİ-ni məlumatlandırmadan birtərəfli davranmasının konstruktiv addım olmadığı və təəssüf doğurduğu vurğulanıb.
Açıqlamada bu vəziyyətin beynəlxalq hüquqa zidd olduğuna diqqət yönəldilərək Avropa Komissiyasının Brexit sazişində müəyyənləşdirilmiş qanuni yollara uyğun hərəkət edəcəyi barədə xəbərdarlıq olunub.
Qeyd edək ki, Brexit sazişinə görə, Böyük Britaniya Aİ-dən ayrılsa da, Şimali İrlandiya Avropa İttifaqı ilə gömrük birliyində qalır.
İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdən ibarət Birləşmiş Krallıqda 2016-cı ildə aparılmış referendumda Aİ-dən ayrılmaq qərarı alınıb.
Aİ-dən ayrılan İngiltərə Avropa İttifaqı ilə ikili münasibətlərə dair danışıqlar aparıb və tərəflərin imzaladığı ticarət sazişinə əsasən, bu il yanvarın 1-dən gömrük vergisi və kvotalar tətbiq olunmadan ticarəti davam etdirmək qərara alınıb.