AVROPA KOMİSSİYASININ NÜMAYƏNDƏSİ AZƏRBAYCANIN QƏRBƏ İNTEQRASİYA SİYASƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Səmimi qəbula görə təşəkkürünü bildirən Fokion Fotiadis Azərbaycanın Avropa İttifaqına inteqrasiya siyasətini yüksək qiymətləndirmiş və əldə olunmuş nailiyyətlərin hər iki tərəfin maraqlarına xidmət etdiyini söyləmişdir.
Görüşdə Avropa İttifaqının yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planına dair danışıqların gedişi, ölkəmizin Avropa İttifaqı ilə sıx əməkdaşlığı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər Fəaliyyət Planının prinsipcə razılaşdırılmış hesab oluna biləcəyini qeyd etmişlər.
Nazir Elmar Məmmədyarov regionda həyata keçirilən bir sıra irimiqyaslı iqtisadi layihələrdən söz açaraq, Azərbaycanın Avropa məkanına inteqrasiya məsələsinin ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan E.Məmmədyarov, münaqişənin sülh yolu ilə aradan qaldırılmasının və dünya ictimaiyyətinin, o cümlədən də Avropa İttifaqının səylərinin bu istiqamətdə fəallaşdırmasının əhəmiyyətindən danışmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.