SİYASƏT
AVROPA PARLAMENTİNƏ NAMİZƏDLƏRLƏ GÖRÜŞ OLMUŞDUR
Bakı, 3 iyun (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində Almaniya Türk Toplumunun fəalları Almaniyanın aparıcı partiyalarından olan namizədlərlə görüşmüşlər. Almaniya Türk Toplumunun birinci vitse-prezidenti və Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya bildirmişdir ki, bu görüş həmin partiyaların Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində təqdim etdikləri fəaliyyət proqramları, platformaları ilə tanışlıq məqsədi daşımışdır.
Görüşdə Avropa Parlamenti üzvlüyünə namizədliyini xristian-demokrat, sosial-demokrat, liberallar, solçular, habelə Yaşıllar Partiyasından irəli sürmüş siyasətçilərin hazırladıqları fəaliyyət proqramlarında Almaniyadakı türk diasporunun gələcəkdə Avropa cəmiyyətindəki mövqeyi və rolunu nəzərdə tutan məqamlar, bu partiyaların Türkiyənin Avropa İttifaqına üzv qəbul ediməsinə münasibəti və digər aktual məsələlər müzakirə edilmişdir.
Tədbirdə Almaniya Bundestaqının üzvü Hakkı Kəskin, BETAK Alman-Türk Qadınlar Cəmiyyətinin sədri Sema Özcan Sarıgül, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer-İsmayılova, Azərbaycan və türk diasporunun digər nümayəndələri iştirak etmişlər.
Avropa parlamentariliyinə iddialılarla görüş sual-cavab şəraitində keçirilmişdir.
######