AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI AZƏRBAYCANIN “ŞAHDƏNİZ” LAYİHƏSİNDƏKİ PAYINI KREDİTLƏŞDİRMƏYİ TƏKLİF ETMİŞDİR
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın “Şahdəniz” layihəsindəki 320 milyon dollarlıq payını kreditləşdirməyi təklif etmişdir. ARDNŞ-in prezidenti Natiq Əliyev bu barədə jurnalistlərə məlumat verərək, bildirmişdir ki, Azərbaycan bu təklifi nəzərdən keçirməlidir, çünki gələn ilin fevralında həmin layihənin gerçəkləşdirilməsinə icazə verilməsi güman edilir. Əks halda, boru kəməri tikintisinin başlanması təxirə salınacaq və Türkiyəyə qaz göndərilməsi müddəti pozulacaqdır. Azərbaycan hökuməti “Şahdəniz” layihəsindəki payını maliyyələşdirmək üçün daxili ehtiyatlar tapmağa ümid edir.
Bu iri qaz-kondensat yatağı bp şirkəti tərəfindən işlənilən “Şahdəniz” sahəsində 1999-cu ildə kəşf olunmuşdur. Yatağın işlənilməsi haqqında müqavilə 1996-cı ildə imzalanmışdır. O vaxt tərəflərin pay iştirakı belə bölünmüşdü: bp - 25,5 faiz, “Statoyl” - 25,5 faiz, ARDNŞ - 10 faiz, “LUKoyl” - 10 faiz, ELF - 10 faiz, İran Neft Korporasiyası - 10 faiz, Türk petrolları - 9 faiz. Hesablamalara görə, qaz ehtiyatları 1 trilyon kub metr və qaz-kondensat ehtiyatları 200 milyon tondur.
ARDNŞ ilə bp arasında sazişə uyğun olaraq, qaz hasilatı üçün dənizin 105 metr dərinliyində platforma, 100 kilometr uzunluğunda 2 sualtı qaz kəməri, başqa obyektlər tikmək nəzərdə tutulur. Lakin, ARDNŞ prezidentinin dediyinə görə, başlıca məsələ hasil olunacaq qazın alıcısını tapmaq idi və bu məsələ artıq həll edilmişdir. Məlum olduğu kimi, Azərbaycan qazının Türkiyəyə göndərilməsi barədə saziş imzalanmışdır. Natiq Əliyev layihənin dəyərindən danışaraq, bildirmişdir ki, bp şirkəti 2001-ci ildə onu 2 milyard 550 milyon dollar məbləğində qiymətləndirmişdi. 2002-ci ilin yayında bu şirkət 3 milyard 200 milyon dollar dəyərində yeni proqram təqdim etmişdir. Şirkət məbləğin artmasını əlavə avadanlıq almaq, platformanın özünü genişləndirmək, başqa işlər görmək zərurəti ilə əsaslandırmışdır. Layihənin iştirakçı tərəflərinin ekspertləri bp-nin bəzi dəlilləri ilə razılaşmışlar. Natiq Əliyev demişdir ki, lakin “biz bu rəqəmi azaltmağa çalışacağıq”.
Türkiyəyə qaz göndərilməyə başlanmasının müddətində də düzəlişlər edilmişdir. Əgər əvvəllər qaz ixracına 2005-ci ilin axırlarına yaxın başlamaq nəzərdə tutulurdusa, indi bu müddət təxminən bir il sonraya - 2006-cı il avqustun 31-nə keçirilmişdir.