AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ NÜMAYƏNDƏ HEYƏTİ GÖYÇAY RAYONUNDA OLMUŞDUR
Avropa Yendənqurma və İnkişaf Bankının Bakıda səfərdə olan nümayəndə heyəti noyabrın 15-də Göyçay rayonuna getmiş, “Göyçay-süd” Səhmdar Cəmiyyətinin istehsal fəaliyyəti və məhsulları ilə tanış olmuşdur.
Bu müəssisədə müxtəlif süd məhsulları, habelə təbii şirələr istehsal olunur. Hazırda burada 50 nəfərə yaxın adam çalışır. Növbə ərzində 20 tonadək süd emal olunur ki, bundan da yüksək keyfiyyətli qida məhsulları hazırlanır. Müəssisə tam gücü ilə işlədikdə 250 tona yaxın süd və bir o qədər də meyvə - tərəvəz emal edə bilər. Burada “Tetra-Pak” firmasının 3 milyon dollar dəyərində yüksək texnologiyalı və müasir avadanlığı quraşdırılmışdır. Avadanlıq Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına alınmışdır. Kreditin böyük bir hissəsi artıq ödənilmişdir. “Göyçay-süd” SC gələn ilin sonunadək borclarını tam ödəyə və xalis gəlir götürə biləcəkdir. Burada istehsal olunan məhsullara həm respublikada, həm də Rusiya bazarında böyük təlabat var.
X X X
Elə həmin gün AYİB-in nümayəndə heyəti Səngəçal terminalında olmuşdur. Burada “Azfen-Tekfen” Türkiyə-Azərbaycan birgə müəssisəsi terminalı genişləndirir. Bunun üçün “Azfen-Tekfen” 78 milyon dollar dəyərində yeni sifariş almışdır. Qonaqlar burada sexlər, istirahət və əyləncə otaqları ilə tanış olmuş, habelə birgə müəssisə menecerlərinin Səngəçal terminalının texniki xarakteristikası mövzusunda mühazirələrini dinləmişlər.
Nümayəndə heyətinin başçısı Norbert Rodermayher AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, Azərbaycan artıq real və dinamik inkişaf yolundadır. MDB ölkələri üzrə orta göstəricilərdən xeyli artıq olan yüksək inkişaf sürəti qanunauyğun hala çevrilmişdir. İqtisadi islahatlar dərinləşir. Ehtiyatların səfərbərliyə alınmasına, iqtisadi orqanların işində səhvlərin aradan qaldırılmasına, onlar arasında əlaqələrin yaxşılaşdırılmasına dair proqram işlənib hazırlanır. AYİB yeni neft strategiyasının, iqtisadi islahatların həyata keçirilməsində, bazar münasibətlərinin təşəkkülü və möhkəmləndirilməsində, sahibkarlığın inkişaf etdirilməsində Azərbaycanı bundan sonra da hərtərəfli dəstəkləyəcəkdir.