Avstriyada yaşayan həmvətənlərimiz olimpiyaçılarımızla fəxr edirlər
Vyana, 13 avqust (AZƏRTAC). 11 avqust 2012-ci il, XXX London Yay Olimpiya Oyunlarının 15-ci günü... Azərbaycanın idman tarixinə sözün bütün mənalarında qızıl hərflərlə yazıldığı gün...
Öz dövlət bayrağının dünyanın ən mötəbər yarışmasında zirvədə görmək, himnimizin sədalarını duymaqdan üstün başqa hiss ola bilərmi? Belə bir gündə əldə edilən möhtəşəm qələbə Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün ikiqat sevincli və qürurvericidir.
Həmin anları Avstriyada yaşayan azərbaycanlılar da böyük sevinc və fəxr hissi ilə yaşamışlar. Azərbaycan Akademik Birliyinin sədr müavini Baxış Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir: “Londonda keçirilən XXX Yay Olimpiya oyunlarını diqqətlə izləyirdim. Daha doğrusu, bu olimpiadada Azərbaycan idmançılarından qızıl medallar gözləyir və idmançılarımızın potensialına böyük ümidlər bəsləyirdim. Nəhayət sərbəst güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifov gözlədiyimiz bu sevincli anları bizə bəxş etdilər - özü də bir gündə iki qızıl medalla. Bu qızıl medallar dövlətimizin, ölkə başçısı İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqətin, görülən işlərin və gərgin zəhmətin tarixə yazılan şanlı qələbəsidir”.
Avstriyalı hüquq elmləri doktoru, Azərbaycana dəfələrlə səfər etmiş Peter Fray isə olimpiyaçılarımızın qələbəsi ilə bağlı söyləmişdir: “Olimpiya Oyunları zamanı təbii ki, Avstriya idmançılarına diqqət yetirirdim. Lakin uzun illərdən bəri həyat yoldaşımla mütəmadi olaraq Azərbaycana səfər etdiyimə, orada çoxlu dostlarımız olduğuna və qəlbən bu ölkəyə bağlı olduğumuza görə, Azərbaycan yığmasının üzvlərinə də azarkeşlik edirdim. Təəssüf ki, Avstriya idmançıları olimpiadada son 50 ildə ən uğursuz çıxışlarını etdilər və bir dənə də olsun medal qazanmadılar. Bunun müqabilində isə Azərbaycan idmançılarının nəticələri, 204 ölkə arasında ilk otuzluqda yer alması şəxsən mənim üçün gözlənilməz bir uğur və eyni zamanda bir növ avstriyalı idmançıların uğursuzluğunu kompensasiya edən bir təsəlli oldu.
Biz adətən Azərbaycanla Avstriya arasında oxşarlıqlardan tez-tez bəhs edirik. Hər iki ölkə oxşar böyüklükdədir, əhali sayı da yaxındır və tarixi keçmişimizdə də bənzərliklər çoxdur. Lakin olimpiadanın nəticələrini müqayisə edəndə bu bənzərlikdən əsər-əlamət qalmır. Artıq qətiyyətlə Azərbaycanı dərin ənənələrə malik əsl idman ölkəsi adlandırmaq olar və hesab edirəm ki, bu templə davam edən inkişaf sayəsində Rio de Janeyroda keçiriləcək növbəti olimpiadada idmançılarınız dünya idman ictimaiyyətini öz uğur və rekordları ilə daha da heyrətləndirə biləcəklər.”
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana