Avstriyanın “Travel Guide“ turizm bələdçisində Azərbaycan haqqında məqalə dərc olunmuşdur
Bakı, 11 yanvar (AZƏRTAC). Avstriyanın tanınmış “MediaGuide” nəşriyyatı tibb, turizm, biznes və digər sahələr üzrə ölkənin aparıcı sorğu kitabçaları buraxan çap evlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə nəşriyyatın 2014-cü il üçün “Travel Guide“ (“Səyahət bələdçisi”) kitabçası işıq üzü görmüşdür.
Kitabçada dünyanın müxtəlif turizm regionları, aparıcı kurort və sanatoriyalar, sağlamlıq mərkəzləri haqqında məlumatlar, səyahət və tətil üçün yeni marşrutlar və digər mühüm bilgilər öz əksini tapmışdır.
Bələdçidə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan - Xəzər dənizi sahilində kəşf etməyə dəyən Odlar Yurdu” başlıqlı geniş məqalə də dərc olunmuşdur.
AZƏRTAC-ın Avstriyadakı xüsusi müxbiri Elgün Niftəliyev tərəfindən qələmə alınmış məqalədə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın turizm imkanları barəsində ətraflı məlumat verilmiş, sürətlə inkişaf edən Bakının öz qonaqları üçün təklif etdiyi tarixi memarlıq abidələri və müasir istirahət məkanlarından bəhs edilmişdir. Məqalədə qeyd edilmişdir ki, Bakı öz qonaqlarını daim Şərq ab-havası ilə Qərb müasirliyinin mükəmməl sintezindən ibarət qonaqpərvər bir mühitdə salamlayır.
Məqalədə Azərbaycanın digər turizm regionları barədə də ətraflı məlumat verilmiş, Gəncə, Quba-Qusar, Şəki, Qobustan və sair regionlarda turistlər üçün maraq doğuran istirahət məkanları, həm də qədim tarixi abidələr barədə mühüm məlumatlar təqdim edilmişdir. Bütün fotoların AZƏRTAC tərəfindən təqdim olunduğu məqalədə Azərbaycanın dilbər guşələrinin təsvirləri də əks olunmuşdur.