Avtomobil yollarının kənarlarına 25 min ağac əkilib
Bakı, 7 mart, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir, Gəncə-Şəmkir, Şəmkir-Tovuz və Tovuz-Ağstafa hissələrinin kənarlarına, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan və Biləsuvar rayonlarının ərazisindən keçən hissəsinin mühafizə zolaqlarına “Azəryolservis” ASC tərəfindən 18 min ədəd müxtəlif növ ağac əkilib və hazırda da bu işlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a “Azəryolservis”in mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, ağacəkmə aksiyalarına yüzlərlə işçi və onlarla maşın-mexanizm cəlb edilib.
Bundan başqa, Gəncə-Samux və Yevlax-Bərdə avtomobil yollarının kənarlarına 5 min, Şəki, Qax, Balakən, Zaqatala, Oğuz rayonlarının ərazilərinə isə ümumilikdə 3 min ədəd müxtəlif növ ağaclar əkilib.
Bu çərçivədə “Azəryolservis” ASC-nin Hacıqabul, Salyan, Şəki, Tovuz, Ağstafa və Bərdə rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən yaşıllaşdırma tədbirləri həyata keçirilir.
Əkilən ağaclar “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahələrində yetişdirilir.