AYGÜN BƏYLƏR MOSKVADA KONSERT VERƏCƏKDİR
Moskva mətbuatının tərif dolu anonslarından məlum olur ki, “Azərbaycanın əfsanəvi folklor ifaçısı Aygün Bəylər musiqinin nadir janrını – muğamı təqdim edəcəkdir”.
Sonra musiqinin bu janrı barədə məlumat verilir. Məlumatda deyilir ki, özündə Qafqaz ozanlarının, aşıqlarının, xanəndələrinin qədim ənənələrini cəmləşdirən muğam Şərqin ən böyük nailiyyətlərindən sayılır. Muğamı təsvir etmək çətindir, onu oxumaq isə daha çətindir. Axı, hər dəfə yeni tərzdə oxunaraq bir ömür yaşayan musiqi hekayəti olan muğam bir növ improvizasiyadır. Onu emosional təsir qüvvəsinə görə heç bir musiqi ilə müqayisə etmək olmaz, onu yalnız dinləmək və duymaq lazımdır.
Dünyada muğamın əsil ifaçıları tək-təkdir. Əgər Avropa musiqisində cəmi iki əsas məqam (lad) varsa, Azərbaycan muğamında onların sayı 17-dir – rast, şur, segah, şüştər, çahargah, bayatı-şiraz, hümayun. Hər biri də özünəməxsus obrazlı emosional məna daşıyır.
Aygün Bəylər hamı tərəfindən qəbul olunmuş muğam ifaçısıdır. O, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq folklor musiqisi festival-müsabiqəsinin qalibi olmuşdur.
Mətbuat onun ifasını belə səciyyələndirmişdir: “Aygünün tar və kamançanın virtuoz müşayiəti ilə qeyri-adi ifası və qaval çalmaq bacarığı əsil Şərqin canlı, misilsiz koloritini yaradır. Müğənni sözün əsil mənasında musiqidə musiqi ilə yaşayır və möcüzə yaradır. Onun ifasında səslənən muğam, hər bir mahnı dinləyiciyə güclü emosional təsir bağışlayır.