AZAD XƏLİL OĞLU MİRZƏCANZADƏ
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Azad Mirzəcanzadə 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Azad Mirzəcanzadə həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edərək, 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Mahir pedaqoq kimi böyük nüfuza malik olan Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
Elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, Azad Mirzəcanzadə elmin təşkili və idarə olunması prosesində fəal iştirak edərək, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmiş, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməmişdir.
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır. Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
Azad Mirzəcanzadə nüfuzlu beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan elmini daim ləyaqətlə təmsil etmişdir. Onun qazandığı uğurlar Azərbaycan elminin ölkəmizin hüdudlarından kənarda tanınmasında böyük rol oynamışdır. Bir sıra mötəbər beynəlxalq elmi qurumların həqiqi üzvü olan alimin neft və qaz yataqlarının işlənilməsi, neft hasilatının texnikası və texnologiyasına dair əsərləri dünya elmində özünəməxsus yer tutmuşdur.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də ahəngdar şəkildə tamamlamışdır. O, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. Azad Mirzəcanzadə məktəbinin yüzlərlə yetirməsi respublikamızda, habelə xarici ölkələrdə neft sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir.
Azad Mirzəcanzadənin yarım əsrdən artıq bir dövrü əhatə edən elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, Azərbaycan elminin inkişafındakı böyük xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Görkəmli alim, istedadlı pedaqoq və həqiqi ziyalı Azad Mirzəcanzadənin işıqlı xatirəsi həmişə ürəklərdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Əli Əsədov,
Fatma Abdullazadə, Misir Mərdanov,
Natiq Əliyev, Rövnəq Abdullayev,
Xoşbəxt Yusifzadə, Arif Mehdiyev,
Nəriman Quliyev, Akif Hacıyev,
Akif Əlizadə, Siyavuş Qarayev,
Elmira Ramazanova
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2006-cı il iyulun 18-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında (Azərbaycan prospekti, 8) qoyulacaqdır.