Azərbaycan – fransalı turistlər üçün yeni ekzotik məkan
Bakı, 16 aprel, AZƏRTAC
Parisdə fransalı turistlər üçün yeni və ekzotik məkan olan Azərbaycana həsr edilən tədbir keçirilib. Tədbir “Nomade Aventure” səyahət agentliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi ilə əməkdaşlıq şəraitində təşkil edilib və Eyfel qülləsinin yaxınlığında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Azərbaycana səfər etmək arzusunda olan 120-dən artıq potensial turist tədbirdə iştirak edib. Onlar Azərbaycan mədəniyyəti, tarixi və turizm imkanları haqqında müfəssəl məlumatlar əldə etmək istəyində olduqlarını bildiriblər. Məlumat xarakterli tədbirə “Nomade Aventure” agentliyinin ənənəvi tərəfdaşı olan “Ukrayna Hava Yolları” dəstək verib. Təşkilatçılar Bakıya uçuş biletlərini lotereya vasitəsilə, “Qafqaz Baku Sport” və “Qafqaz Point” otelləri isə xoşbəxt uduş sahiblərinə iki gecəlik oteldə qalmaq imkanı təklif ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Elmar Məmmədov turizmin inkişafının ölkəmiz üçün prioritet sahə olduğunu vurğulayaraq qeyd edib ki, “Nomade Aventure” agentliyi yeni turizm marşrutu kimi məhz Azərbaycanı seçib.
Azərbaycanın turizm potensialı haqqında bəhs edən Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi və ölkəyə səfərlərlə bağlı bəzi praktiki məlumatlar verib.
Vaxtilə Fransanın Azərbaycandakı səfirliyində çalışan tanınmış fransız bəstəkar Pyer Tiloy ilk dəfə 2001-ci ildə səfər etdiyi ölkə ilə bağlı təəssüratlarını bölüşüb. O, ləziz Azərbaycan mətbəxinin şöhrəti haqqında böyük həvəslə söz açaraq heyrətamiz yeməklərimizdən dadmaq üçün hansı ünvanlara üz tutmaqla bağlı tövsiyələrini verib. “XOCALI 613” əsərinin müəllifi daha sonra ölkəmizin tarixi yerləri, əsrarəngiz təbiəti, təbiət guşələri, turizm marşrutları haqqında məlumat verib.
Azərbaycanın turizm imkanlarının təqdimatından sonra Mədəniyyət Mərkəzində təşkil olunan sərgiyə baxış keçirilib. Burada iştirakçılar artefaktlar və Azərbaycan rəssamlarının işləri vasitəsilə ölkənin mədəniyyət inciləri ilə tanış olublar.
Daha sonra auditoriya qarşısında pianoçu Etibar Əsədli və balabançı Səddam Novruzbəyli konsert proqramı ilə çıxış ediblər. Konsert və lotereya oyunundan sonra iştirakçılara ənənəvi Azərbaycan paxlavası və şəkərburası, sağlam və enerji verən nar şirəsi dadmaq təklif olunub. Təşkilatçılar qeyd ediblər ki, artıq bir neçə iştirakçı Azərbaycana səfər təşkil olunmasını istədiklərini bildiriblər.