AZƏRBAYCAN-BELARUS ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi üzrə son dövrlərdə mühüm addımlar atılmasını, o cümlədən Bakıda və Minskdə səfirliklərimizin fəaliyyətə başlamasını vurğulayan nazir, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa bu yaxınlarda gözlənilən ilk rəsmi səfərinin qarşılıqlı münasibətlərin inkişafına və dərinləşməsinə böyük təkan verəcəyini xüsusi qeyd etmişdir. O, Azərbaycanda ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən əsaslı tədbirlərdən danışaraq, hüquqi sahədə əməkdaşlıq üçün ölkələrimizin Ədliyyə nazirlikləri arasında mövcud olan Sazişin zəruri imkanlar yaratdığını bildirmişdir.
Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın qazandığı uğurlarla böyük rəğbət doğurduğunu vurğulayan səfir, Belarusun ölkəmizlə hərtərəfli, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərdiyini və bununla bağlı konkret təkliflərin olduğunu bildirmişdir. Səfir N.Pastkeviç ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi, milli və dini tolerantlığı çox yüksək qiymətləndirərək, bu sahədə Azərbaycanın digər dövlətlərə nümunə olduğunu xüsusi qeyd etmişdir.
Görüşdə hüquqi əməkdaşlığın genişləndirilməsi perspektivləri, təcrübə mübadiləsi, qarşılıqlı hüquqi yardım məsələləri müzakirə edilmiş, digər konkret mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.