“AZƏRBAYCAN BƏLƏDİYYƏSİ” JURNALININ BİRİNCİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
96 səhifəlik rəngli nəşr ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə açılır: “Əgər biz 1994-1995-ci illərdə, demək olar ki, boş yerdə, dağılmış iqtisadiyyat şəraitində Azərbaycanın inkişafını təmin etməyə başladıqsa, indi böyük bir sağlam bünövrə üzərində dururuq. Bu bünövrə də Azərbaycanın bugünkü müstəqilliyi, azadlığı, Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət qurması və onun Konstitusiyasıdır”.
Yeni mətbuat orqanının baş redaktoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun “Azərbaycan bələdiyyəsi” jurnalının nəşri günün tələbindən irəli gəlmişdir” sərlövhəli giriş məqaləsində qeyd edilir ki, bələdiyyə fəaliyyətinin informasiya təminatı, bələdiyyələrlə dövlət qurumları arasında konstruktiv əməkdaşlığın formalaşdırılmasına yardım göstərilməsi, qanunvericiliyin təbliği, bələdiyyə şuralarının, birlik və assosiasiyalarının fəaliyyətinin işıqlandırılması, əlaqələndirilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsi və s. dərginin nəşr olunmasında əsas məqsəddir.
İlk nömrədə ölkəmizdə bələdiyyə institutunun təşkili, fəaliyyəti ilə bağlı qanun, fərman və əsasnamələr toplanıb nəşr edilmiş, eyni zamanda demokratik özünüidarəetmə orqanı olan bələdiyyələrin problemləri, vəzifələri, büdcəsi, regional layihələrin, yerli əhəmiyyətə malik məsələlərin həllində rolu, beynəlxalq əlaqələri, respublikamızda şəhər, kənd və qəsəbə bələdiyyələrinin ayrı-ayrılıqda milli assosiasiyalarının təşkili istiqamətində görülən işlər və digər mövzuda tanınmış hüquqşünasların, mütəxəssislərin yazıları da verilmişdir.