AZƏRBAYCAN BOKSÇULARI KEÇİRDİKLƏRİ BÜTÜN GÖRÜŞLƏRİ QƏLƏBƏ İLƏ BAŞA VURMUŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində gənclər arasında boks üzrə 6-cı dünya çempionatının növbəti görüşləri keçirilmişdir.
Gün ərzində müxtəlif ölkələri təmsil edən 46 idmançı 6 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Azərbaycan idmançısı Elvin Məmişov 48 kiloqram çəki dərəcəsində Misir təmsilçisi Məhəmməd Həsən üzərində böyük xal üstünlüyü ilə qələbə qazanmışdır. Yarışa qoşulan 54 kiloqramlı digər idmançımız Elvin Əliyev də rumıniyalı boksçu Marin Draqosu məğlub etmişdir.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qismət Eynullayev Koreya Respublikasından olan İm Solu yarışları dayandırmağa məcbur etmişdir.
İki gün ərzində mübarizəyə qoşulan sayca beşinci idmançımız - Murad Ağamalıyev 66 kiloqram çəki
dərəcəsində rusiyalı Vladimir Şuşkinə məğlubiyyətin acısını yaşatmışdır.
Xatırladaq ki, yarışların ilk günündə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Bəxtiyar Nadirov da İrlandiya idmançısı Tyrone Makkullaqı böyük xal üstünlüyü ilə məğlub etmişdir.
Bununla da, idmançılarımızın dünya çempionatında qazandıqları qələbələrin sayı beşə çatmışdır.
Çempionatın ikinci günü boksçuların yarışında müxtəlif çəki dərəcələri üzrə Dimitri Jukov, Elmar Muxaev, İlya Platonenko (Belarus), Qela Abaşidze (Gürcüstan), Vikas Yadav (Hindistan), Vladimir Qavrilov (Rusiya), Sabircan Uludastan, Jandos Mikanov, Jandos Abdilmanov (Qırğızıstan), Aydın Bunyamin (Türkiyə), Şuxrobşox Farozov (Tacikistan), Xyan Kyellar (Kuba), Jalolbek Xabizov, Avazbek Akramov (Özbəkistan), Roan Merdok (Avstriya), Stanislav Podolski, Vladimir Savenko (Ukrayna) və Aleksandr Bebko (Moldova) qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanmışlar.