Azərbaycan ərazisində quraşdırılmış yeni seysmik stansiyalar ilə əlaqədar növbəti vebinar keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) “Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” qrant layihəsi çərçivəsində Azərbaycan ərazisində quraşdırılmış 22 yeni stansiya ilə əlaqədar növbəti vebinar keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, vebinarda zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova iştirak ediblər.
Səbinə Kazımova çıxışı zamanı mərkəzdə quraşdırılmış yeni şəbəkə barədə məlumat verib. Həmçinin Azərbaycan ərazisində 84 rəqəmsal seysmik stansiyanın fəaliyyətdə olduğunu, layihə çərçivəsində 3 quyutipli və 7 seysmik stansiyanın sahilboyu Xəzər dənizində quraşdırıldığını bildirib.
Bundan əlavə, vebinarda palçıq vulkanlarının təhlili və dinamikasının öyrənilməsi üçün 12 stansiyadan ibarət yeni şəbəkə yaradıldığı və 22 yeni seysmik stansiyanın “Seyskomp4” sisteminə qoşularaq, məlumatların toplanması və emalı, seysmik məlumatların emalı üçün istifadə olunan yeni modullar və yeni serverin quraşdırılması və qoşulması prosesi də müzakirə olunub.