Azərbaycan Futnet Federasiyasının baş katibi Dubayda dünya futbol ulduzlarının qala oyununda iştirak edib
Bakı, 13 may, AZƏRTAC
Dubay İdman Nazirliyinin və FIFA-nın birgə təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərində dünyanın futbol ulduzlarının qala oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının baş katibi, FIFA hakimi Əfqan Həmzəyev oyuna dəvət olunanlar sırasında yer alıb.
Oyunda, mükafatlandırma mərasimində və şam yeməyində fəxri qonaq kimi iştirak etdiyini bildirən Ə.Həmzəyev dünya futbol ulduzları ilə bir arada olmaq, onlarla söhbət etməkdən şərəf duyduğunu vurğulayıb.
Qala oyununda iştirak etməkdə məqsədlərdən biri də məşhur futbolçuları Bakıya dəvət etmək olduğunu bildirən Ə.Həmzəyev deyib: “Ölkəmizdə futvole idman növünü inkişaf etdirmək istiqamətində tədbirlərimiz davam edir. Bu il avqust ayında futvole üzrə Bakıda dünya çempionatı keçiriləcək. Artıq danışıqlar gedir, məşhur futbolçuların bir neçəsini Bakıya dəvət edəcəyik. Futbolsevərlərimiz dünyanın məşhur futbolçuları ilə bir araya gəlib, onlarla görüşə biləcəklər”.