Azərbaycan gimnastı Dəniz Həşimova Serbiyada beynəlxalq turnirdə qızıl medal qazanıb
Bakı, 28 mart, AZƏRTAC
Serbiyada bədii gimnastika üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) beşinci “Trophy of Novi Sad-2016” beynəlxalq turniri keçirilib. Turnirdə Bakı Gimnastika Məktəbinin yetirməsi Dəniz Həşimova çoxnövçülük yarışlarının qalibi olub.
AZƏRTAC-ın əməkdaşı ilə söhbətində 6 yaşlı Dəniz gimnastikanın sirlərini 3 il əvvəl məşqçisi Samirə Səlimzadədən öyrənməyə başladığını bildirib.
Serbiya turnirinin ilk beynəlxalq sınağı olduğunu deyən Dəniz Həşimova bu günədək respublika üzrə Bakı Təhsil Kubokunda medal qazandığını qeyd edərək deyib: “2015-ci ildə həmin yarışın bürünc medalına yiyələnmişəm. Daha sonra öz üzərimdə çalışaraq nəticəmi daha da yaxşılaşdırdım və builki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”.
Birinci Avropa Oyunlarının qalibi Marina Durundanın azarkeşi olduğunu bildirən Dəniz Həşimova deyib: “Ən böyük arzum gələcəkdə milli komandanın heyətində irimiqyaslı yarışlarda çıxış etməkdir. Möhtəşəm Milli Gimnastika Arenasında öz gücümü nümayiş etdirib üçrəngli bayrağımızı dalğalandırmağı arzulayıram. Mənə göstərdiyi etimada görə məşqçimə təşəkkürümü bildirirəm. Bundan sonra daha əzmlə çalışıb mənə dəstək olanların ümidlərini doğrultmağa çalışacağam. Qazandığım qələbəmi isə valideynlərimə həsr edirəm”.
Bakı Gimnastika Məktəbində idmançılar üçün hər cür şəraitin yaradıldığını deyən balaca gimnast növbəti yarışlara ciddi hazırlaşdığını vurğulayıb: “Qarşıda məni Hollandiyada və Rumıniyada təşkil olunacaq beynəlxalq turnirlər gözləyir. Hazırda mən çıxış etdiyim proqram üzərində çalışıram və məşqçimdən yeni elementləri öyrənirəm. Ümid edirəm ki, Serbiyadakı uğurumu təkrarlayıb növbəti yarışlarda da mükafatçılar sırasında yer alacağam. Hamı kimi mənim də arzum yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.
Novi Sad turnirində Bakı Gimnastika Məktəbinin yetirmələri 2-si qızıl, 6-sı gümüş və biri bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.