İDMAN
Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar
Astana, 13 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada keçirilən V Ümumdünya Köçəri Oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunduğu yarışda ümumilikdə 7 medal qazanıb.
Azərbaycan idmançıları ən böyük uğuru qazaq güləşində əldə ediblər. Bu növdə dörd medal qazanılıb: 2 gümüş və 2 bürünc. Alış güləşində medalların sayı daha iki bürünclə artıb. Yeddinci medal, o da bürünc olmaqla, aba güləşi yarışında əldə edilib.
V Ümumdünya Köçəri Oyunları 89 ölkədən təxminən 2500 iştirakçını bir araya gətirərək, idman və köçəri mədəniyyəti ənənələrinin bayramına çevrilib.
Oyunların proqramına 21 idman növü üzrə yarışlar daxil idi. İdman yarışları ilə yanaşı, etnoaulda hər gün təxminən 100 mədəni tədbir keçirilib və qonaqlar köçəri xalqların zəngin irsi ilə tanış olublar.
Oyunların bağlanış mərasimində Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov çıxış etdilər. Tədbir Astananın etnoaulunda keçirildi və burada VI Ümumdünya Köçəri Oyunlarının 2026-cı ildə Qırğızıstanda keçiriləcəyi elan edildi.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana