Azərbaycan İlahiyyat İnstitutunda məzunlarla onlayn görüş
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) məzunlarla onlayn görüş keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən görüşdə Aİİ-nin bütün məzunları iştirak ediblər. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını vurğulayıb. Elmi Şuranın çıxardığı qərara əsasən, IV kurs tələbələrinin təcrübə və buraxılış işi yazmaq tələbindən azad edilməsindən, onların təcrübə işlərinin qiymətləndirilməsindən, yekun attestasiya nəticələrinin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən aparılmasından danışıb. O, məzunlara gələcək fəaliyyətlərində uğur qazanmaları üçün planlı şəkildə çalışmağı tövsiyə edib. Rektor hər kəsi karantin qaydalarına ciddi riayət etməyə çağırıb, sağlamlıqlarını qorumağa borclu olduqlarını diqqətə çatdırıb.
İnstitutun müəllimləri çıxışlarında tələbələrə elmi potensiallarını inkişaf etdirmələri üçün tövsiyələrini veriblər.
Çıxış edən məzunlar məhz Aİİ-də təhsil aldıqlarından qürur duyduqlarını qeyd ediblər.