Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi müzakirə olunub


İstanbul, 22 iyun, Günel Karatepe, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər naziri Touhid Hossain ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə zamanı Azərbaycan ilə Banqladeş arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin və qurumlararası əməkdaşlığın, habelə siyasi məsləhətləşmə mexanizminin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıblar.
Görüşdə ticarət, təhsil və rəqəmsal idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsi, diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi imkanlarını müzakirə ediblər. Hər iki tərəf aidiyyəti dövlət qurumları arasında təmasların gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmini vurğulayıblar.
Görüşdə həmçinin regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunub.