AZƏRBAYCAN İLƏ PAKİSTAN ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Caved Qureşi Azərbaycana səfir təyin edilməsindən məmnunluqla söz açaraq, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini söyləmişdir. O, Pakistan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini vurğulamış, bu münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Nazir E.Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik etmiş və ona ölkəmizdə gələcək fəaliyyətində uğurlar arzulamışdır. Pakistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən münasibətləri yüksək qiymətləndirən nazir E.Məmmədyarov, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətindən danışmış, Dağlıq Qarabağ münaqişəsinin nəticələri və həlli istiqamətində gedən danışıqlar prosesi haqqında qonağa ətraflı məlumat vermişdir. Nazir Azərbaycan ərazilərini indiyədək işğal altında saxlayan Ermənistan tərəfinin münaqişənin həllində qeyri-konstruktiv mövqedən çıxış etdiyini bildirmiş və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycan Respublikasının Konstitusiyası və ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini vurğulamışdır.
Həmçinin E.Məmmədyarov Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikitərəfli görüşlər zamanı və beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Konfransı Təşkilatı çərçivəsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini məmnunluqla qeyd etmiş, ölkələrimiz arasında siyasi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.