Azərbaycan ilə Tacikistan arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir
Düşənbə, 16 may (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin parlamentinin aşağı palatası - Nümayəndələr Məclisinin sədri Şükürcon Zuhurovla görüşmüşdür.
Ş.Zuhurov ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirmiş, əməkdaşlığı daha da dərinləşdirmək üçün zəruri hüquqi bazanın mövcud olduğunu qeyd etmişdir.
Nümayəndələr Məclisinin sədri Azərbaycanın iqtisadiyyatın bütün sahələrində inkişaf etdiyini bildirmiş, qarşılıqlı təcrübə mübadiləsi aparılmasının hər iki tərəf üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Qanunverici orqanların əlaqələrinin inkişafından danışan Ş.Zuhurov Nümayəndələr Məclisində Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini, beynəlxalq tədbirlərdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşlər keçirdiyini və müxtəlif mövzular ətrafında müzakirələr apardığını qeyd etmişdir.
Səfir A.Həsənov demişdir ki, bu ilin aprel ayında Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Azərbaycana səfəri uğurlu olmuşdur.
Səfir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Ş.Zuhurovu ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu da parlamentin aşağı palatasının sədrinə təqdim etmişdir.
A.Həsənov ölkələrimiz arasında dostluq münasibətlərinin sürətlə inkişafını əsas gətirərək Azərbaycanın Tacikistandan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha prinsipial mövqe gözlədiyini bildirmişdir. Səfir Tacikistan parlamentində ikitərəfli münasibətlər, Azərbaycanda gedən iqtisadi inkişaf, ölkəmizin xarici siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çıxış etmək üçün razılıq verilməsini xahiş etmişdir.
Səfir may ayının sonuna qədər həftədə iki dəfə Düşənbə-Bakı, Bakı-Düşənbə birbaşa hava reysinin bərpa olunacağını da bildirmişdir.
Sonda səfir yazıçı-publisist Elmira Axundovanın Düşənbədə səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə tacik dilində nəşr edilmiş 7 kitabdan ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatını, N.Zinkeviçin “Həyatın kəşməkəşləri” kitabını Tacikistan parlamentinə hədiyyə etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek