AZƏRBAYCAN İNTERNET FORUMU DƏYİRMİ MASA KEÇİRMİŞDİR
AİF-in prezidenti Osman Gündüz hazırda ölkəmizin təhsil sektorunda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007-ci illər) həyata keçirildiyini və əsas məqsədin, informasiya texnologiyalarından istifadə etməklə, təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, respublikamızın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid informasiya mühitinin yaradılması olduğunu söyləmişdir. Bildirilmişdir ki, kompüterlərin, əsasən də onların əməliyyat sistemləri və proqram təminatının hansı standartlara cavab verməsi xüsusi önəm kəsb edir və hazırda təhsil sistemimizdə informasiya- kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə milli standartların olmaması, bu sahədə hüquqi-normativ bazanın hələlik yaradılmaması problemi daha da aktuallaşdırır.
Dəyirmi masada Microsoft-un Azərbaycandakı rəsmi nümayəndəsi Ramin Qayayev “Təhsildə Windows əməliyyat sistemi”, AİF-in üzvü Rüstəm Əliyev isə “Təhsildə Linux əməliyyat sistemi” mövzularında məruzə etmiş, bu sistemlərin üstünlüklərindən danışmışlar.
Tədbirdə İKT və təhsil sahəsində fəaliyyət göstərən dövlət, özəl və ictimai sektorların nümayəndələri çıxışlar etmiş, suallar cavablandırılmışdır. Mövzu ətrafında Təhsil Nazirliyi ilə birgə tədbirlərin davam etdirilməsi, diskussiyalar aparılması təklifi irəli sürülmüşdür.