AZƏRBAYCAN KİNOSUNUN 108 YAŞI TAMAM OLMUŞDUR
...“Kaspi” qəzetinin 1898-ci il 1 avqust tarixli nömrəsindəki elan “Kinemotoqraf” (Br.Lümyer) adlanır. Elanda deyilir: “Parisdə keçiriləcək dünya sərgisində göstərmək üçün Orta Asiya və Qafqazın canlandırılmış fotoşəkilləri kolleksiyasını çəkən fotoqraf A.Mişon V.İ.Vasilyev-Vitskinin teatr-sirkində yalnız bircə dəfə təkmilləşdirilmiş “Kinemotoqraf” nümayiş etdirəcəkdir. Başqa filmlər arasında “Bibiheybətdə neft fontanında yanğın”, “Avqustun 4-də Balaxanıda neft fontanı”, “Balaxanı-Sabunçu polis idarəsinin süvari qorodovoylarının atçapmaları” da göstəriləcəkdir.
Azərbaycan kinosu belə başlanmışdır.
Təsadüfi deyil ki, Azərbaycan kinosu gününü avqustun 2-də qeyd etmək, iki ildə bir dəfə kinematoqrafçıların “Qızıl çıraq” milli müsabiqəsinə yekun vurmaq ənənə halını almışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sayca beşinci müsabiqənin açılışındakı çıxışında tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini çatdırmışdır. Nazir demişdir ki, Azərbaycan kinosu günü 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuşdur. Yeri gəlmişkən, ilk Azərbaycan filminin 1916-cı ildə çəkilmiş “Neft və milyonlar səltənətində” lenti deyil, 25 ildən çox Azərbaycanda yaşayan Aleksandr Mişonun sənədli lentləri olduğunu təsdiqləyən arxiv sənədləri də 2000-ci ildə aşkar edilmişdir.
Bildirilmişdir ki, son illər milli kinematoqrafın inkişafına böyük diqqət yetirilir, C.Cabbarlı adına kinostudiyanın əsaslı surətdə yenidən təchiz edilməsi haqqında qərar qəbul olunmuşdur.
Tədbirdə Prezidentin bir qrup kinematoqrafçıya fəxri adların verilməsi haqqında Sərəncamı oxunmuşdur.
Sonra kinematoqrafçıların “Qızıl çıraq” V milli müsabiqəsinin 11 nominasiya üzrə qaliblərinə mükafatlar - qızıl heykəlcik və pul mükafatları təqdim olumuşdur.
Müsabiqədə cəmi 35 film iştirak etmişdir.