Azərbaycan Laçın istiqamətində baş verən təxribatlara kəskin və konkret cavab verəcək - Açıqlama
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iyulun 25-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırıldığı barədə məlumat yaymışdı. Azərbaycan tərəfi Ermənistanı təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırmışdı və baş verə biləcək hər hansı hadisəyə görə məhz rəsmi İrəvanın məsuliyyət daşıyacağını bildirmişdi. Xəbərdarlıqlara baxmayaraq, iyulun 26-da Ermənistan tərəfindən nəqliyyat vasitələrinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində cəmləşdirilməsi həyata keçirilib. Bu, Ermənistan tərəfinin siyasi şousu, manipulyasiya və növbəti təxribat cəhdidir.
Mövzunu AZƏRTAC-a şərh edən hərbi ekspert, jurnalist İbrahim Rüstəmov Laçın dəhlizi ətrafında baş verən hadisələrin bugünkü Ermənistan iqtidarı və Cənubi Qafqazda maraqları toqquşan bir sıra dövlətlərin növbəti oyunu olduğunu deyib: “Xüsusilə Ermənistan başda olmaqla burada yerləşən revanşist güclərin təxribat cəhdlərinə qarşı Azərbaycanın mövqeyi aydındır. Prezident İlham Əliyev məsələ ilə bağlı fikirlərini qısa və konkret şəkildə, istər yerli, istərsə də beynəlxalq tribunalarda bəyan edib və onun nitqi Avropa Şurasının rəhbərliyi tərəfindən bəyənilib. Bu barədə Ermənistan tərəfinə məlumat verilib. Lakin Ermənistanın sabotajçıları, revanşistləri, terrorçu dəstələri Azərbaycan ərazilərində qeyri-qanuni olaraq yerləşərək tərk-silah olmayıblar. Məqsəd bundan ibarətdir ki, ermənilər beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanı öz ərazisində yaşayan ermənilərə qarşı humanitar fəlakət törətməklə təqsirləndirsin.
Azərbaycan isə bununla bağlı öz marşrutunu bildirib. Hadisələrin konfiqurasiyasına nəzər yetirdikdə Ermənistan və digər dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyini görərik. Lakin dünya ictimaiyyətinə göstərilən bu şou Azərbaycanın ərazisində Ermənistan və ona havadarlıq edən Fransa, İran kimi dövlətlərin hökm etmək istəyinin bariz göstəricisidir. Azərbaycan, təbii ki, bununla barışmır, baxmayaraq ki, humanitar fəlakət məsələsi ilə bağlı yaradılmış tamaşaya münasibətdə Prezident İlham Əliyev çox sərfəli, nisbətdə 4 dəfə daha qısa bir marşrut təklif edib. Bu isə Ağdam-Əsgəran yolu ilə ərzağın çatdırılması məsələsidir”.
İ.Rüstəmov Ağdam-Əsgəran yolunun bağlanmasında Ruben Vardanyanın rolunun olduğunu vurğulayıb: “Ruben Vardanyanın rəhbərlik etdiyi saxta fraksiyanın nümayəndələri Ağdam-Əsgəran yolunu beton piltələrlə bağlayıblar. Bu faktorun qarşılığında Azərbaycan həmin əraziyə beynəlxalq missiyaların, hərbi attaşelərin, səfirlik nümayəndələrinin səfərini təşkil etdi və baş verən hadisələrin göz önündə olduğunu bir daha nümayiş etdirdi. Bu yaxınlarda Azərbaycan Sərhəd Qoşunlarının bir əsgəri yaralanıb və bununla bağlı Dövlət Sərhəd Xidmətinin bəyanatı var. Azərbaycan baş verə biləcək təxribat hallarının qarşısının alınması məqsədilə kifayət qədər ciddi və yetərincə əhatəli tədbirlər həyata keçirir. Tədbirlərin yaxın vaxtlarda nəticə verəcəyi də şübhə doğurmur”.
Ekspert Ermənistanın Azərbaycandan fərqli olaraq dəfələrlə Qarabağ məsələsi ilə bağlı münasibətində öz mövqeyini dəyişdiyini deyib: “Məsələnin məğzi aydınlaşdıqca prosesin həlli istiqamətində bir sıra dövlətlər narahatlıq keçirir. Təbii ki, bunun səbəbi aydındır. Əgər, Fransa, İran kimi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın da Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməlidir. Azərbaycan yerli və beynəlxalq hüquq tərəfindən qorunan haqqını müdafiə edəcək. Düşünürəm ki, Laçın istiqamətində hər hansı yeni təxribat baş verərsə, Azərbaycan dövləti bu təxribatlara qarşı son dərəcə kəskin və konkret cavab verəcək”.