Azərbaycan millisinin baş məşqçisi: Monteneqro ilə oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq

Bakı, 9 aprel, AZƏRTAC
“Matçın çətin keçəcəyi bəlli idi. Monteneqro yığması bu “pəncərə”də bir oyun keçirirdi ki, o da öz meydanlarında bizə qarşı idi. Biz isə qısa müddətdə ardıcıl iki səfər matçına çıxmalı olduq. İstər-istəməz yorğunluq yaranmışdı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Monteneqro yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandanı oyuna tam bərpa etmək üçün maksimum çalışdıqlarına bildirib: “Monteneqro həm də qrup birinciliyi uğrunda əsas rəqibimizdir. Açığı, birinci hissədə futbolçuların bəzi səhvləri oldu. Xüsusən də, hücum xəttində problemlər yaşadıq, irəlidə top saxlaya bilmədik. Qapıçımızın və müdafiəçilərimizin etibarlı çıxışı sayəsində fasiləyə heç-heçə ilə yollandıq. İkinci hissəni isə hücumda daha yaxşı keçirdik, üstünlüyə yiyələndik. Qol vurduq və başqa şanslarımız da oldu. Təəssüf ki, ikinci qolu vura bilməməyimiz rəqibin son dəqiqələrdə hücuma atılmasına gətirib çıxardı. Nəticədə 90+2-ci dəqiqədə penaltidən qol buraxdıq. Penalti epizodunda isə top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi”.
Baş məşqçi millimizin C Liqasının IV qrupunda mayın 30-da Litva seçməsinə qarşı keçirəcəyi görüşə də toxunub: “Monteneqro ilə oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq. Buna baxmayaraq, birinci yer uğrunda mübarizəni davam etdiririk. Son oyunda Litvanı doğma arenamızda qəbul edəcəyik. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Qələbə qazanmaqla yanaşı, top fərqini də mümkün qədər yaxşılaşdırmalıyıq. Bu səbəbdən Litva üzərində böyükhesablı qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milli komandalara hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Litva yığmasının isə hesabında xal yoxdur.