ELM VƏ TƏHSİL
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 19 mart, AZƏRTAC
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti nömrəsi (Cild 16. № 1) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Aviasiya”, “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “Kimya və neft-kimya texnologiyaları”, “İnformasiya texnologiyaları” rubrikalarında müvafiq sahələrin aktual problemlərinə həsr edilmiş tədqiqatlarla tanış ola bilərlər.
Jurnalda dərc edilmiş “Bort dinamik sistemlərin identifikasiyası və nəzarətində neyron şəbəkələrindən istifadə”, “Əyləc sürtünmə cütlərində ifratkeçiricilik effekti”, “Qaz anbarlarında geoloji-fiziki şəraitlərin öyrənilməsilə mədən tədqiqatlarının aparılması”, “İonomer quruluşlu appretin polimer kompozisiyalarda rolu”, “Fəza mexanizmlərinin kinematik analizi üçün yeni qrafanalitik üsul” və digər məqalələr müvafiq sahələrin mütəxəssisləri, eləcə də tədqiqatçıları üçün maraqlı olacaq.
Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.
2021-ci ildə jurnal “International Scientific Indexing” (ISI) və “Scientific Journal Impact Factor” (SJIF) beynəlxalq elmi sitatlaşma məlumat bazalarına daxil edilib, sertifikatlar alınıb. Bundan əlavə, jurnal “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılıb.
Jurnal, həmçinin onun reytinqini müəyyən edən, internet şəbəkəsində inteqrasiya olunmuş elmi resurs - Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinin müəllif hüquqlarına malikdir. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Çap olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier - Obyektin Rəqəmsal İdentifiatoru) verilir.
Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsilə yanaşı, eyni zamanda, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə kömək göstərməkdən ibarətdir.