MƏDƏNİYYƏT
Azərbaycan nümayəndə heyəti Tokioda “JATA -2013” Beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Yaponiyanın paytaxtı Tokioda “JATA -2013” Beynəlxalq turizm sərgisi başlamışdır.
Sentyabrın 15-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov, tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 2 nəfər üzvü daxildirlər. Sərgidə, həmçinin Azərbaycanın “ENC tours”, “İmprotex travel”, “Al travel”, “Turizm.az”, “Spektr travel”, “Geo travel” və “Volcano travel” turizm şirkətləri təmsil olunurlar.
“JATA -2013” Beynəlxalq turizm sərgisində respublikamızın turizm imkanlarını əks etdirən 45 kvadratmetr sahədə xüsusi lövhə quraşdırılmış, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri 2007-ci ildən başlayaraq artıq altıncı dəfədir ki, “JATA” Beynəlxalq turizm sərgisində iştirak edirlər.