RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN KEÇMİŞ BAŞ NAZİRİ TONİ BLEYERİ QƏBUL ETMİŞDİR
Bakı, 1 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul etmişdir.
Keçmiş Baş nazir Toni Bleyer Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə səfərlərini xatırladı. Böyük Britaniyanın ölkəmizdə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq, Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığımızın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirdi. Böyük Britaniyaya son səfərini xatırlayan Prezident İlham Əliyev səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini dedi. Ölkəmizdə Böyük Britaniyanın çoxlu sayda şirkətlərinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı bunların böyük sərmayədarlar olduqlarını qeyd etdi.
Sonra Prezident İlham Əliyevin adından Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin şərəfinə işçi nahar verildi.
######