AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FUNİKULYORUN YAXINLIĞINDA APARILAN YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də funikulyorun yaxınlığında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək dedi ki, dövlətimizin başçısının tapşırığı əsasında qısa müddətdə bu ərazi tamamilə yenidən qurulmuş, təxminən iki dəfə genişləndirilmişdir. Bəhram Gur abidəsi, buradakı dairəvi hovuz da yeni görkəm almışdır. Bu işi yaponiyalı mütəxəssislər ən müasir standartlar səviyyəsində yerinə
yetiriblər. İşıqlandırma sistemi İtaliya texnologiyası əsasında yenidən qurulmuş, ərazidə yaşıllaşdırma işləri aparılmışdır. Yenidənqurma işləri görülərkən insanların istirahəti üçün maksimum şərait yaradılmasına, buranın ətrafla ümumi ansambl təşkil etməsinə xüsusi diqqət yetirilmişdir.
Prezident İlham Əliyev bütün park və bağlarda bu cür abadlıq aparılmasını, xaricdən bəzək ağacları və kolların gətirilib əkilməsini tövsiyə etdi. Dövlət başçısı gecələr Bakıya xüsusi yaraşıq verən binaların işıqlandırma sisteminin müasirləşdirilməsi barədə də tapşırıqlarını verdi.
Sonra Prezident İlham Əliyev funikulyorda aparılan yenidənqurma işləri ilə tanış oldu. Ölkə başçısına bildirildi ki, vaqonlar təzələnib, funikulyor fəaliyyət göstərməyə tam hazırdır.
Prezident İlham Əliyev paytaxtda yenidənqurma və abadlıq işləri görülərkən milli memarlıq ənənələrinə həssaslıqla yanaşılmasının vacibliyini vurğuladı.