AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TACİKİSTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakir Vəzirovun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Tacikistanın səfiri Zakir Vəzirov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev əlaqələrin daha da möhkəmlənməsi işində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı səfirin öz fəaliyyətində bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu bildirdi.
İkitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini söyləyən səfir Zakir Vəzirov dedi ki, ölkəsinin Azərbaycanda səfirliyinin açılması Tacikistan hökumətinin və xalqının Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə olan hörmətinin təcəssümüdür. O, dövlətimizin başçısını əmin etdi ki, səfirlik fəaliyyətində qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəkdir.
######
![]() |
![]() |

