AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfiri səmimiyyətlə salamlayan dövlətimizin başçısı İlham Əliyev Türkiyənin milli bayramı - Respublika günü münasibətilə cənab Çeviközü, dost və qardaş Türkiyə xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etdi.
Prezident İlham Əliyev səfirin ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Dövlətimizin başçısı bildirdi ki, ötən illər ərzində ölkələrimiz arasında əlaqələr daha da genişlənmiş, siyasi-iqtisadi və bütün digər sahələrdə münasibətlərimiz dostluq və qardaşlıq ruhunda sürətlə inkişaf etmişdir.
Azərbaycan ilə Türkiyə arasında nəhəng enerji layihələrinin həyata keçirildiyini nəzərə çarpdıran Prezident İlham Əliyev dedi ki, bu layihələr təkcə ölkələrimiz üçün deyil, region və ümumən dünya üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini regional əməkdaşlıq üçün gözəl nümunə kimi səciyyələndirən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə əlaqələri gələcəkdə də daim inkişaf edəcək, ölkələrimiz bir-birini bundan sonra da dəstəkləyəcəkdir. Prezident İlham Əliyev dedi ki, Azərbaycan bu siyasətə sadiqdir.
Türkiyəyə son səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, həmin səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər əlaqələrimizin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev səfir Əhməd Ünal Çeviközün ölkəmizdəki fəaliyyətini bir daha yüksək qiymətləndirdi və ona gələcək işində uğurlar arzuladı.
Səmimi qəbula görə minnətdarlıq edən səfir ölkəmizdəki üçillik diplomatik fəaliyyəti dövrünü bundan sonra həmişə məmnunluqla xatırlayacağını bildirdi. O, ötən bu üç ildə dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsi üçün bütün səylərini əsirgəmədiyini söylədi. Səfir dedi ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr təkcə bölgə ölkələri üçün deyil, həm də dünya səviyyəsində beynəlxalq münasibətlər üçün bir örnəkdir.
Cənab Çeviköz bildirdi ki, xalqlarımızı bir-birinə qırılmaz tellər bağlayır. Ölkələrimiz qardaşlıq əlaqələrini daim inkişaf etdirərək, bütün məsələlər üzrə bir-birini dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir. O, Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilən diqqət və qayğıya görə xalqımızın ümummilli lideri Heydər Əliyevə daim minnətdar olduğunu vurğuladı.
Səfir respublikamızdakı fəaliyyəti üçün ona göstərilən köməyə, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirərək dedi ki, mən Azərbaycanı daim ürəyimin bir parçası sayacağam və qəlbimin bir hissəsini Azərbaycanda qoyub gedirəm.