AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKMƏNİSTANIN MÜDAFİƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Prezident sarayında Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkmənistan arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün çox yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşlərini xatırladı, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu görüşlərin əhəmiyyətini vurğuladı. O, xalqlarımızın daim dostluq və əməkdaşlıq şəraitində yaşadıqlarını, müstəqilliyimizin hazırkı inkişaf mərhələsində ənənəvi qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinin zəruriliyini bildirdi. Dövlətimizin başçısı ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət etdiyini vurğuladı.
Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyev Prezident Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda keçirdikləri görüşləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Qonaq Türkmənistan və Azərbaycanın müdafiə nazirlikləri arasında əməkdaşlığın əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından faydalı olduğunu bildirdi.
Prezident İlham Əliyev Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######
