AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKSOY-UN BAŞ DİREKTORU DÜSEN KASEİNOVU QƏBUL ETMİŞDİR
Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul etmişdir.
Baş direktor TÜRKSOY ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. O dedi ki, “Bakı İslam mədəniyyətinin paytaxtıdır” proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı layihəyə əsasən “Üzeyir musiqi günü” münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının sentyabrın 18-də Bakıda səhnəyə qoyulacağı planlaşdırılır. Qonaq bu əsərin Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda çox böyük maraqla qarşılandığını vurğuladı.
Dövlətimizin başçısı bu layihənin xalqların bir-birinə daha da yaxınlaşması, ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı imkan yaradacağını qeyd etdi və onun əhəmiyyətini yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə TÜRKSOY arasında geniş perspektivlərə malik əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
######
