RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEVLAX RAYONUNA SƏFƏRİ
HEYDƏR ƏLİYEV ADINA SARAYIN AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 24-də Yevlax şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra dövlətimizin başçısı Heydər Əliyev adına sarayın açılış mərasimində iştirak etdi.
Prezident İlham Əliyev sarayın rəmzi açılışını bildirən lenti kəsdi, bu mədəniyyət ocağı ilə tanış oldu. Bildirildi ki, 2006-cı ildə Nazirlər Kabinetinin sərəncamına əsasən saraya Heydər Əliyevin adı verilmişdir. Sarayın binası 1963-cü ildə tikilmiş və son bir ildə əsaslı şəkildə yenidən qurularaq müasir görkəm almışdır. İkimərtəbəli binanın birinci mərtəbəsində 400 nəfərlik salon yerləşir. Foyedə Heydər Əliyevin büstü qoyulmuşdur. Ulu öndərin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlər vardır.
Sarayda müasir işıqlandırma sistemi, Yaponiya istehsalı olan aparatura quraşdırılmışdır.
Prezident İlham Əliyev sarayda görülmüş yenidənqurma işlərini yüksək qiymətləndirdi.