AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNİN XXII BAŞ MƏCLİSİNƏ
Hörmətli Baş Məclis nümayəndələri!
Sizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbəti Baş Məclisinin öz işinə başlaması münasibətilə salamlayır və ürəkdən təbrik edirəm.
Bugünkü ali toplantınız ölkəmizdə quruculuq işlərinin geniş vüsət aldığı və demokratik təsisatların daha da möhkəmləndiyi dövrə təsadüf edir. Azərbaycan dövləti durmadan artan iqtisadi qüdrətinə arxalanaraq, vətəndaş cəmiyyətinin inkişafına münbit şərait yaradır. Müstəqillik illərində respublikamızda fəaliyyət göstərən yüzlərlə qeyri-hökumət təşkilatına, o cümlədən Qızıl Aypara Cəmiyyətinə dövlət dəstəyini gücləndirmək, vətəndaş təşəbbüslərinin səmərəsini artırmaq məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilmişdir. Hələ 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi Qızıl Aypara Cəmiyyətinin dövlət himayəsinə götürülməsi və ölkə ərazisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının missiyasını həyata keçirən yeganə rəsmi təşkilat kimi tanınması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli Sərəncamı və 2007-ci ildə qəbul edilmiş “Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun da dövlətin bu təşkilata göstərdiyi xüsusi diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirilə bilər.
Qızıl Aypara Cəmiyyəti yarandığı gündən indiyədək müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara, aztəminatlı vətəndaşlara maddi və mənəvi yardımlar edir, onlarda həyata və özlərinə inam hisslərini gücləndirir. Təşkilat uzun illərdən bəri həyata keçirdiyi qan donorluğu işini uğurla davam etdirir, xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə kömək göstərir.
Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə sosial və psixoloji yardımların göstərilməsi, əsir və girovluqdan azad edilmiş vətəndaşların reabilitasiyası sahəsində də Cəmiyyətin fəaliyyəti xüsusi qeyd edilməlidir. Qurumun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasında təmsil olunması, müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin üzləşdiyi humanitar problemlərin miqyası barədə daha dolğun təsəvvürün yaranmasına kömək edir.
Hörmətli Baş Məclis nümayəndələri!
Ümidvaram ki, Qızıl Aypara Cəmiyyəti bundan sonra da özünün nəcib missiyasını layiqincə davam etdirəcək, ölkəmizin ictimai həyatında və sosial inkişafında fəal rol oynayacaqdır.
Baş Məclisin işinə uğurlar, hər birinizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2008-ci il.