Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı prioritetlərini “Bandunq prinsipləri” üzərində qurub – Ekspert
Bakı, 5 iyul, AZƏRTAC
Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Hərəkat özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Züriyə Qarayeva deyib.
O bildirib ki, Qoşulmama Hərəkatının mövcud imkanlarını perspektivə çevirmək təşkilatın qarşısında duran əsas prioritetdir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində qurub. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsiplər ölkəmizin xarici siyasətində əsas yer tutur”, - deyə Z.Qarayeva qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün təşəbbüslər göstərib. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.
“Qoşulmama Hərəkatı Qarabağ münaqişəsində müəyyən dərəcədə faydalı olmaqla Azərbaycana dəstək verib. Qurum üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və İkinci Qarabağ müharibəsi zamanı Hərəkata üzv dövlətlər Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam ediblər”, - deyə siyasi ekspert diqqətə çatdırıb.