AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN FRANSA RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ MÜRACİƏTİ
Bu il oktyabrın 12-də Fransa Respublikasının Milli Məclisində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanun layihəsinin müzakirəyə çıxarılacağı barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır.
Hazırda dinlər və mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi zərurətinin mövcud olduğu bir dövrdə bu cür qanunun qəbul edilməsi dünyada ikili standartların mövcudluğu barədə fikirləri təsdiqləyəcəkdir. Hər bir ölkənin tarixində axıra qədər məlum olmayan, elmi cəhətdən tədqiq edilməsinə ehtiyac olan hadisələr vardır. 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində ermənilərin qondarma “soyqırımı”na məruz qalması barədə deyilənlər də ciddi araşdırma tələb edən ehtimallar qəbilindəndir. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlər açılmış, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə aid tarixi sənədlərlə tanış olmağa dəvət edilmişlər. Təəssüf ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərmişdir.
Diqqətinizə çatdırırıq ki, “erməni soyqırımı”nın baş verdiyi iddia olunan dövrdə yüz minlərlə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Bütün bunlar nəzərə alınarsa, yəqin bizimlə razılaşarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxara bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niyyətli fəaliyyəti nəticəsində qəbul edilə biləcək qanun Fransa kimi qədim demokratik ənənələri olan ölkənin nüfuzuna yalnız ləkə vura bilər. Bununla yanaşı, belə bir qanun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisi Fransa parlamentindəki həmkarlarını adı çəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa çağırır.
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin
2006-cı il 10 oktyabr tarixli iclasında qəbul edilmişdir).