AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Əvvəlcə, komissiyanın 2003-cü il avqustun 15-də, 22-də, 28-də, sentyabrın 2-də, 3-də və 8-də keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi dairə seçki komissiyasının, Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov isə 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının və 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Komissiya bu məsələlərlə bağlı qərarlar qəbul etmişdir.
Sonra Gürcüstanda 2004-cü il yanvarın 5-də keçirilmiş prezident seçkilərində müşahidəçi qismində iştirak etmiş MSK üzvləri Validə Kazımova və Qabil Orucov müşahidələri barədə komissiya üzvlərinə məlumat vermişlər.
MSK katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov və MSK nəzdində İnformasiya Mərkəzinin direktoru İqbal Babayev isə Fransanın Strasburq şəhərində Avropa Şurasının Nazirlər Komitəsi yanında Elektron Səsvermə üzrə Mütəxəssislər Qrupunun hüquqi və praktiki standartlarla bağlı yardımçı komitəsinin iclasında iştirak etmələri barədə məlumat vermişlər. Qeyd edək ki, Azərbaycan keçmiş sovet respublikaları arasında bu nüfuzlu quruma üzv olan yeganə ölkədir və Mərkəzi Seçki Komissiyası katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov həmin komitənin sədr müavini seçilmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.