AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika günü münasibətilə təbrik edirəm.
Müasir Azərbaycan sabit daxili siyasi və iqtisadi inkişafın inandırıcı nümunəsini nümayiş etdirir, beynəlxalq məsələlərdə inamlı xətt yeridir. Bütün bunlar sizin dövlətinizin dünyada nüfuzunu artırır, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının genişlənməsi üçün yeni imkanlar yaradır.
Rusiya siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələri bundan sonra da genişləndirmək əzmindədir. Bizim qarşılıqlı əlaqələrimiz Rusiya və Azərbaycan xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə, Qafqazda vəziyyətə, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi yollarına baxışların ümumiliyinə əsaslanır. Əminəm ki, biz birlikdə yeni iqtisadi və maliyyə təhdidlərinə səmərəli müqavimət göstərə biləcək, qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişafı, Rusiya və Azərbaycan vətəndaşlarının rifah halının və həyatlarının keyfiyyətinin yüksəldilməsi naminə genişmiqyaslı layihələri həyata keçirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar, bütün Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
Dmitri Medvedev
Rusiya Federasiyasının Prezidenti