Azərbaycan səfirliyi Avstriyanın “Yaşıllar” partiyası sözçüsünün qərəzli bəyanatına etiraz edib
Vyana, 9 aprel, AZƏRTAC
Azərbaycanın Avstriyadakı səfirliyi bu ölkənin “Yaşıllar” partiyasının xarici siyasət üzrə sözçüsünün qərəzli bəyanatına kəskin etiraz bildirib.
Səfirliyin Avstriyanın APA xəbər agentliyi vasitəsilə yayılan bəyanatında bildirilir ki, partiyanın xarici siyasət üzrə sözçüsü, Avstriya parlamentinin üzvü Tanya Vindbüxler-Souşillin aprelin 2-dən etibarən Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar bəyanatı təəccüb doğurur. Bir tərəfdən Avstriyanı ATƏT-in Minsk qrupunda münaqişənin həlli üçün fəallıq göstərməyə çağıran parlament üzvü, digər tərəfdən ATƏT-in qərarları və BMT-nin məlum dörd qətnaməsinə zidd olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyir. Dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmasına dair fundamental beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edən bu cür birtərəfli mövqe münaqişənin sülh yolu ilə nizamlanmasına xidmət edə bilməz. Azərbaycanın ərazi bütövlüyü heç zaman münaqişənin həlli üçün aparılan danışıqların mövzusu olmayıb və heç vaxt olmayacaq.
Bəyanatda qeyd edilir ki, münaqişənin dinc yolla həlli yalnız beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə əsasında mümkündür. Səfirlik bu baza əsasında sülh prosesinə töhfə vermək üçün Avstriyanın bütün siyasi dairələri ilə ünsiyyətə hazırdır.
Yekunda bildirilir ki, Azərbaycan 2017-ci ildə ATƏT-ə sədrlik edəcək Avstriyanın sədr qismində və bu xüsusda ATƏT-in Minsk qrupunun üzvü kimi regionda hərtərəfli və davamlı sülh prosesinin bərpa edilməsi üçün səylərini yüksək qiymətləndirəcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu indiyədək sülh danışıqlarında əsas maneə olaraq qalıb. Ona görə də BMT qətnamələrinin şərtlərinə uyğun olaraq erməni qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməsi zəruridir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana