“AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI” İCTİMAİ BİRLİYİNİN TƏSİS QURULTAYINA
Hörmətli qurultay nümayəndələri!
Sizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birinci qurultayının keçirilməsi münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı, təhsilinizdə və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan gəncliyini milli inkişafın tükənməz mənbəyi hesab edir, müasir dünyada məhz gənc nəslin yaradıcı gücündən səmərəli istifadə etməyi bacaran ölkələrin strateji üstünlüyə malik olacağına və biliklərə əsaslanan iqtisadiyyatı uğurla quracağına inanırdı. Ulu öndər cəmiyyətin bu təbəqəsinin dövlət quruculuğuna yaxından cəlb edilməsi və ictimai-siyasi fəallığının təmin olunması üçün çox mühüm işlər görmüşdür. Onun təşəbbüsü ilə müvafiq nazirlik yaradılmış, dövlət gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, qanun və proqramlar qəbul edilmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirakı təmin olunmuşdur. Hazırda gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və başqa sahələrdə müvəffəqiyyətlə çalışır, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər.
Siz gənclər müstəqil Azərbaycanda həyata göz açmış nəslə mənsub insanlar olaraq azad ölkənin azad vətəndaşları kimi böyüyüb başa çatmağınızla fəxr etməlisiniz, müstəqilliyin qazanılmasında xidmətlər göstərmiş insanların müasirləri olmaqdan qürur hissi keçirməlisiniz. Eyni zamanda, sizin qarşınızda böyük vəzifələr dayanır. Bu isə ölkəmizin qüdrətinin daha da artırılması, xalqımızın rifah halının yaxşılaşdırılması naminə günün tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnmək tələbini irəli sürür.
Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurlu addımlar atan Azərbaycan sizin simanızda milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan və ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməyə hazır olan nəslin nümayəndələrini görür. Sizin ahəngdar surətdə hərtərəfli şəxsiyyət kimi yetişməyiniz üçün ölkəmizdə hər cür şərait vardır.
Bu gün Azərbaycan - qüdrətli dövlətdir. Onun iqtisadiyyatı, mədəniyyəti, təhsili dinamik inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaqdır. Biz bu kadrların hazırlanması məqsədi ilə ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, gənclərin xaricdə ən vacib ixtisaslar üzrə ali təhsil almasını nəzərdə tutan Dövlət Proqramını həyata keçiririk.
Ümidvaram ki, qurultay zamanı aparacağınız müzakirələr və qəbul edəcəyiniz qərarlar bu istiqamətdə gələcək fəaliyyətinizdə sizə dəstək olacaqdır. Əminəm ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkəmizdə vətəndaş cəmiyyətinin nüfuzlu bir qurumuna çevriləcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2009-cu il.