MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun əməkdaşı Litvada təlim proqramında iştirak etmişdir
Bakı, 5 iyul (AZƏRTAC), Azərbaycan Turizm İnstitutunun (ATİ) beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədova ECDL milli test mərkəzlərinin qurulması layihəsi çərçivəsində Litvada keçirilən təlim proqramında iştirak etmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, bu layihə tərəfdaş ölkələrlə Avropa universitetləri arasında əməkdaşlığı nəzərdə tutan və ali təhsilin modernləşdirilməsinə yönəlmiş TEMPUS proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin iştirak etdikləri qalib layihələrdən biridir.
Layihənin əsas məqsədi burada iştirak edən əməkdaş universitetlərdə ECDL milli test mərkəzlərinin qurulması, informasiya texnologiyalarının tətbiqi ilə təhsil sisteminin inkişaf etdirilməsidir.
ECDL Fondu mənfəət güdməyən və kompyuter sahəsində bacarıqlara dair sertifikat verən beynəlxalq qurumdur. 41 dildə dünyada 24 mindən çox test mərkəzinin olduğu fondun əsas mərkəzləri Dublin, Brüssel, Dubay, Sinqapur, o cümlədən ABŞ-da yerləşir.
Bildirilmişdir ki, təlimlərdə İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) nümayəndələri Litvanın təcrübəsində ECDL milli test mərkəzlərinin qurulması, onların fəaliyyəti, informasiya texnologiyaları sahəsində yeniliklər və istiqamətlər haqqında ətraflı təqdimatlar keçirmişlər. Vətəndaşların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması və təkmilləşdirilməsi məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirən İTİ-nin əsası 1997-ci ildə qoyulmuşdur.
Hazırda Litvada 81 ECDL test mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən təlimçilər informasiya texnologiyalarının çevikliyinə uyğun olaraq tətbiq edilən sillabuslar, imtahanlar, modullar haqqında geniş məlumat vermişlər. Müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ECDL test mərkəzləri ilə ali təhsil müəssisələri arasında əməkdaşlıqla bağlı təcrübələrindən danışmışlar. Eyni zamanda test mərkəzləri ilə əyani tanışlıq görüşləri keçirilmişdir.
Səfər çərçivəsində Vilnüs Universitetində çoxtərəfli görüş olmuş, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə müzakirələr aparılmışdır.
Təlimlərdə ATİ ilə yanaşı, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Özəl Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universitetinin nümayəndələri də iştirak etmişlər.