AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN XANIMLARI “AZƏRİLMƏ” MÜƏSSİSƏSİNDƏ OLMUŞLAR
Qonaqlara açıq səma altında nadir Azərbaycan xalçalarından, “Azərilmə”nin məmulatından ibarət sərgi göstərilmiş, 1996-cı ildə yaradılan və bölgələrdə də emalatxanası olan müəssisənin tarixindən söhbət açılmışdır. Məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirmək olan “Azərilmə”də hazırda 700-dək adam işlə təmin edilmişdir. Onların arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər var.
Prezidentlərin xanımları xalçanın mürəkkəb yaranma prosesi ilə tanış olmuşlar. Müxtəlif ölçülü yun və ipək xalçaların toxunduğu emalatxana böyük maraq doğurmuşdur. Bildirilmişdir ki, bədii emalatxanada 900-dək müxtəlif xalça eskizləri hazırlanmışdır. Bu eskizlərin əsasında Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur.
Xalçaçılığın bu gözəl nümunələri “Sehrli naxışlar” qalereyasında nümayiş etdirilir. Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofsa Şəki ipəyindən əllə toxunmuş zərif işləməli, orijinal kompozisiyalı və əlvan tərtibatlı xalça hədiyyə olundu.
Müəssisə ilə tanışlıqdan sonra dövlət başçılarının xanımları çay süfrəsinə dəvət edildilər.
X X X
Həmin gün Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adından Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofsun şərəfinə nahar təşkil olundu.