AZƏRBAYCAN VƏ QIRĞIZISTAN AZAD TİCARƏT HAQQINDA SAZİŞ İMZALAMIŞLAR
Sazişi Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev, Qırğızıstan Respublikasının Hökuməti adından Qırğızıstanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kemelbek Nanayev imzalamışlar.
İmzalanma mərasimindən sonra səfir Ramiz Rizayev bildirdi ki, bu cür sazişlər olmadan dövlətlər arasında normal ticarət-iqtisadi münasibətlər yaratmaq çox çətindir, bu saziş isə məhz belə qarşılıqlı münasibətlər qurulmasına, iqtisadi fəaliyyətin bütün sahələrində daha sıx inteqrasiyaya yol açır. Saziş Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsini xeyli artırmağa imkan verəcəkdir, çünki real güzəştli rejim yaradılır.
Səfir Kemelbek Nanayev isə vurğuladı ki, qardaş və dost xalqlarımız münasibətlərimizi, o cümlədən də iqtisadi sahədə əlaqələrimizi möhkəmlətməyə həmişə çalışmışlar və indi də çalışırlar. Azad ticarət haqqında saziş ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək üçün əsasdır. Hesab edirik ki, bu, dostluq münasibətlərimizin möhkəmlənməsinə böyük təkan verəcək və yeni baza yaradacaqdır.
Sazişdə Azərbaycanla Qırğızıstan arasında güzəştli və əlverişli ticarət rejimi yaradılması nəzərdə tutulur ki, bu da qarşılıqlı əmtəə dövriyyəsini artırmağa imkan verəcəkdir.
Xatırladaq ki, 2003-cü ilin yanvar-noyabr aylarına olan məlumata görə, Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsi 782,3 min dollar, o cümlədən ixrac 645,4 min dollar, idxal 136,9 min dollar təşkil etmişdir. Qırğızıstandan Azərbaycana, əsasən, közərmə lampaları, Azərbaycandan Qırğızıstana isə aviasiya benzini, polietilen, kaustik soda və kənd təsərrüfatı məhsulları göndərilir.