AZƏRBAYCAN VƏ QIRĞIZISTAN ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Qırğızıstanın RF-dəki səfiri Apas Cumaqulov “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə fərmanların mübadiləsi haqqında protokol”, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında hüquqi yardıma və vətəndaş, ailə və cinayət işləri üzrə hüquqi münasibətlərə dair müqavilənin ratifikasiyası barədə fərmanların mübadiləsi haqqında protokol”, habelə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında təhvilə dair müqavilənin ratifikasiyası barədə fərmanların mübadiləsi haqqında protokol” imzalamışlar.
Səfir A.Cumaqulov bildirmişdir ki, Moskvada imzalanmış sənədlərin ikitərəfli iqtisadi, siyasi və mədəni əlaqələrin fəallaşdırılması və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyəti var. O demişdir ki, birbaşa kommunikasiyaların olmamasına baxmayaraq, ölkələrimiz arasında ta qədimdən gözəl münasibətlər və dostluq əlaqələri mövcuddur.
Polad Bülbüloğlu isə vurğulamışdır ki, imzalanmış sənədlər etimadın daha böyük səviyyəsini şərtləndirir, çünki bu sənədlər müxtəlif sahələrdə qarşılıqlı hüquqi fəaliyyəti nəzərdə tutur. Ölkələrimiz arasında, xüsusilə humanitar sahədə, həmişə qardaşlıq münasibətləri və səmimiyyət mövcud olmuşdur. Bununla əlaqədar səfir Qırğızıstanda “Manas” dastanına həsr olunmuş gözəl bayram şənliyini xatırlatmışdır. Həmin şənlikdə unudulmaz Prezidentimiz Heydər Əliyev də iştirak etmişdi və onu Qırğızıstanda böyük mehribanlıqla qarşılamışdılar. P.Bülbüloğlu demişdir: “Türksoy”un başçısı kimi deyə bilərəm ki, biz bu beynəlxalq təşkilat, habelə BMT, MDB, YUNESKO və digər qurumlar çərçivəsində Qırğızıstanla fəal əməkdaşlıq edirik”.