Azərbaycan və Türkiyə liderlərinin Şuşa səfəri ərəb KİV-lərində geniş işıqlandırılıb
Qahirə, 16 iyun, AZƏRTAC
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş qədim Şuşa şəhərində keçirdikləri görüş və burada Şuşa Bəyannaməsinin imzalanması ərəb KİV-lərində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərq Xəbər Agentliyi (MENA), “Alarabia” və “Aljazeera” televiziya kanalları, “Əl Mısr Əl Yom” qəzeti və digər KİV-ləri iki qardaş ölkənin dövlət başçılarının təkbətək görüşü, Azərbaycanın tanınmış şəxsiyyətlərinin heykəllərini ziyarət etmələri, mühüm Şuşa Bəyannaməsini imzalamaları və mətbuata birgə bəyanatları haqqında məlumatlar yayıblar.
Reportaj və xəbərlərdə vurğulanıb ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan Şuşada “Xan qızı” bulağında olublar, Heydər Əliyev Fondunun təşkil etdiyi “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın təqdimatında iştirak ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə