Azərbaycan yığmasının futbolçusu: Millətlər Liqasında bayrağımızı ən uca zirvəyə qaldıracağıq
Bakı, 4 aprel, AZƏRTAC
"Ümid edirik ki, Azərbaycanda amputant futbolu daha yüksək səviyyədə inkişaf edəcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri amputant futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərhad Əyyubov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə bağlı təşkil olunmuş oyundan öncə jurnalistlərə açıqlamasında deyib.
O, amputant futbolunun 2023-cü ildən etibarən ANAMA-nın dəstəyi ilə inkişaf etdirildiyini vurğulayıb: "Bu, bizim ən böyük arzularımızdan biri idi. Sevinirik ki, bu gün bir çox uğurumuz var. Ümid edirəm ki, əlil insanlar uğurlarımızı görüb, bizlərə qoşulacaq və fiziki sağlamlıqlarını, psixoloji durumlarını bərpa edəcəklər".
F. Əyyubov bu il oktyabrın 16-20-də Azərbaycanda keçirilməsi nəzərdə tutulan Millətlər Liqası barədə də fikirlərini bölüşüb: "Bu, bizim tarixi uğurumuzdur. Rəqiblərimiz olduqca güclüdür. Əlimizdən gələni etməliyik ki, Vətənimizdə kubok qazanaq və bizə göstərilən etimadı doğruldaq. Sona qədər mübarizə apararaq döyüşçü kimi missiyamızı yerinə yetirməliyik. Düzdür, idmanda udmaq da var, uduzmaq da. Komandamızın heyətinin əksəriyyətini Qarabağ qaziləri təşkil edir. Necə ki, torpağımız uğrunda vuruşub, bayrağımızı ən uca zirvəyə sancdıq, futbol meydanında da buna nail olacağıq. İnanıram ki, doğma arenada ölkəmizi layiqincə təmsil edərək, millətimizi və dövlətimizi sevindirəcəyik".