MƏDƏNİYYƏT
Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizm sektorunda da inkişaf göz qabağındadır
Şəki, 5 yanvar (AZƏRTAC). Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizm sektorunda da inkişaf göz qabağındadır. Sevindirici haldır ki, Azərbaycanın şimal-qərb bölgəsi turizm potensialına görə bu gün özünü daha qabarıq şəkildə göstərir. Bir neçə il əvvəl vətəndaşlarımız istirahət üçün yalnız xarici ölkələrə üz tuturdular. Lakin indi vəziyyət tamamilə dəyişmişdir. Yerli turistlər respublikamızın regionlarına, o cümlədən, Şəkiyə, Qəbələyə, Oğuza, Qaxa, Zaqatalaya, Balakənə və digər rayonlara üz tuturlar. İnsanların istirahət üçün bu bölgəyə müraciət etmələrinin əsas səbəblərindən biri də burada xidmətin səviyyəsinin yüksək, qiymətlərin isə münasib olması ilə bağlıdır.
Bu sözləri “GenerCon Holding”in turizm departamentinin direktoru Sərxan Rəsulov Şəkidə AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Turizm şirkətinin təmsilçisi bildirmişdir ki, bunlar bölgəyə turist axınının artmasını şərtləndirən başlıca amillərdəndir. Xidmətin səviyyəsi yüksəldikcə insanlar belə yerlərdə istirahət etməyə üstünlük verirlər. Bu, həm bölgələrə gələn turistlərin sayının artmasına, həm də yerli əhalinin güzəranının yaxşılaşmasına gətirib çıxarır. Bölgəyə gələn turistlərin sayı artdıqca yerli əhali üçün yeni iş yerləri açılır, insanlar istehsal etdikləri məhsulların satışından gəlir əldə edirlər.
Sərxan Rəsulov bildirmişdir ki, bu dəfə Şəkiyə 40 nəfərlik qrupla gəlmişlər. Qrupun tərkibinə müəllimlər, həkimlər və digər peşə sahibləri daxildir. Otellərin qiymətlərinin münasib olması bu kateqoriyadan olan peşə sahiblərinə də tətil günlərini bölgələrdə keçirməyə imkan verir.