Azərbaycanda dopinqə nəzarət daha da gücləndirilib VİDEO
Bakı, 17 yanvar, Xəyalə Cəfərova, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzalanmış Fərmanı ilə AMADA-nın təsis edilməsi ölkənin dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsi və dopinqlə mübarizədə dövlətin qətiyyətli iradəsinin göstəricisidir. AMADA beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, onların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti aparılır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri, mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev deyib.

Agentliyin sözçüsü ötən il qlobal antidopinq prosesinə verilən töhfələr barədə də məlumat verib: “Ötən il idmançılardan 1142 antidopinq testi götürülüb. 282 beynəlxalq sifariş üzrə test həyata keçirilib. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edib. 35 milli yarışda testetmə keçirilib, 11 beynəlxalq turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub. Analizlərin 96,5 faizi Bakıda, 1,5 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edirlər”.
Qlobal antidopinq prosesinə verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınan AMADA ötən il 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edib. Qaydaları pozan idmançılar barədə məlumatlar AMADA-nın veb-saytına yerləşdirilib. Agentliyin hüquqşünası Murad Cəfərli isə həmin idmançıların karyerası barədə bunları deyib: “Qeydə alınan sanksiyalardan 3-ü triatlon, boks, kikboksinq, pauerliftinq və cüdo idman növlərinin hər biri üzrə isə 1 qayda pozuntusu qeydə alınıb. 4 idmançıya 8 aylıq, 2 idmançıya 2 illik, bir idmançıya isə 4 illik diskvalifikasiya müddəti tətbiq olunub. Bundan əlavə, antidopinq qayda pozuntusu müddətindən yekun qərara qədər həmin idmançıların individual qaydada əldə etdiyi nəticələr, medallar, xallar və mükafatlar geri qaytarılmaqla ləğv olunub”.

Dopinqlə mübarizədə ən effektiv üsul maarifləndirmə siyasətidir. AMADA-nın Maarifləndirmə tədbirlərinin əsas məqsədi idmançılar, idmançıların köməkçi heyəti ümumiyyətlə idman cəmiyyətini dopinqin zərərləri barədə məlumatlandırmaqdır. AMADA-nın Təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov bu yöndə aparılan tədbirlərdən söz açıb: “2023-cü ildə maarifləndirmə tədbirlərimizdə təxminən 3000 nəfər iştirak edib. Həmçinin AMADA idmanın dinamik inkişafını nəzərə alaraq 1250 nəfərin iştirak etdiyi 52 Antidopinq maarifləndirmə seminar təşkil edib. Bu seminarlar Antidopinq qaydaları və təcrübələri ilə əlaqədar vacib məlumatların yayılması üçün bir platforma halına gəldi. Bundan əlavə, rəqəmsal məkanda əlçatan öyrənmə imkanlarını təmin edərək 360 nəfərin iştirak etdiyi 17 vebinar keçirdik”.

Texnologiyanın inkişafına uyğunlaşmanın vacibliyini dərk edərək, e-öyrənmə platformalarını təhsil proqramımıza tətbiq edilib. Təmiz idman təbliğatımız hər il olduğu kimi 2023-cü ildə də davam etdirilib. İl ərzində təxmini 1200 nəfərin iştirak etdiyi 7 milli və beynalxalq yarışda təbliğatlar həyata keçirilib. Bu tədbirlər idmanın bütövlüyünü qorumaq üçün antidopinq tədbirlərinin vacibliyini vurğulayan interaktiv müzakirə platformaları rolunu oynayıb.
Bildirilib ki, təlimlər çərçivəsində narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara və idmançıların köməkçi heyətinə narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzi üçün idmanın əhəmiyyəti vurğulanıb.